REGİONLAR
Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi ilin sonunadək yekunlaşacaq VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi Ucar-Zərdab-Ağcabədi yolu da ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qalıb. Bu isə ciddi mənada hərəkətə maneə törədir. Magistral yollarla yanaşı, respublika əhəmiyyətli yolların müasir səviyyədə yenidənqurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 kilometr sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, dənəvər tərkibli əsasın üst layının tikintisi, əsasın alt layının tikintisi və qırmadaşlı əsasın tikinti işlərini yerinə yetirməkdədir. Buna paralel olaraq yol əsası hazır olan hissələrin polimer asfalt-beton qarışığı ilə döşənməsi işləri də aparılır.
Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 santimetr təşkil edəcək. Yolboyu 9 yeraltı keçiddən 7-si, 26 düzbucaqlı su keçidindən 22-si, müxtəlif diametrlərə malik 72 suötürücü borudan isə 58-i artıq inşa edilib. Layihəyə uyğun yolboyu 30 avtobus dayanacağı da tikiləcək.
Bundan başqa, uzunluqları 20 metrdən 175 metrə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsünün inşası işləri də aparılır. Sözügedən körpülərdən ən böyükləri avtomobil yolunun 58,9-cu kilometrində Mil-Qarabağ kollektoru üzərində inşa edilən və 60 metr uzunluğa malik körpü, həmçinin yolun 50-ci kilometrində Kür çayı üzərində inşa edilən 175 metr uzunluğa malik 4 aşırımlı körpüdür. Hazırda körpülərin tikintisi istiqamətində işlər sürətlə davam etdirilir. Tərəqqi müvafiq olaraq 30 və 50 faiz təşkil edir. Ümumilikdə isə yolboyu aparılan ümumi işlərin tərəqqisi planı üstələyərək 39 faiz müqabilində 57 faiz təşkil edir.
Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.