CƏMİYYƏT
Ucar rayonunda əl qumbarası aşkarlanıb
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da saat 13:29-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ucar rayonunun Müsüslü kəndində bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Ucar Rayon Polis Şöbəsinin və Müsüslü kənd tibb məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssislərinin və Ucar Rayon Polis Şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd üzəri betonla örtülmüş F-1 əl qumbarası aşkarlanıb. Həmin qumbara zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaranın tapıldığı yerin ətrafında 160 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.