REGİONLAR
Ucarda 14 min hektarda payızlıq taxıl səpini aparılacaq
Ucar, 1 noyabr, AZƏRTAC
Ucar rayonunda payızlıq taxıl səpini kampaniyası sürətlə davam etdirilir və artıq əkin aparılan sahələr 8966 hektara çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkilən sahələrin 5950 hektarı arpa, 3016 hektarı buğdadır. Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər hər gün sahələrə 35-dək şum traktoru, 30-dan çox səpin aqreqatı çıxarırlar. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Şilyan, Müsüslü, Alpont, Əlikənd və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniyanın vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.
Qeyd edək ki, bu il Ucarda 14 min hektarda payızlıq taxıl səpini proqnozlaşdırılır. Artıq 13110 hektarda şum çıxarılıb.