REGİONLAR


Ucarda Alpout-Lək-Qazyan-Qarabörk yolunun yenidən qurulmasına başlanılıb VİDEO

Bakı, 12 iyun, AZƏRTAC

Ucarda 35 min əhalinin ürəyincə olan yolun yenidən qurulmasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında yer alan sosial infrastruktur layihələri arasında mühüm yer tutan və birbaşa olaraq sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaran yol infrastrukturunun yenidən qurulması ilə bağlı məsələlərin həlli istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Ucar rayonunda 35 mindən artıq əhalinin ürəyincə olan kəndlərarası avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Vətəndaşların sosial rifah halına müsbət təsir göstərən və bölgələrin müxtəlif istiqamətlər üzrə iqtisadi, həmçinin mədəni potensialını nümayiş etdirən yol infrastrukturu layihələrinin icrası hazırda Ucar rayonunda Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə yaşayış məntəqələrini əhatə edir. Sözügedən yol hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə uzanan 31 kilometrlik avtomobil yolu əsasən qara örtük və çınqıl örtükdən ibarətdir. Ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkəti nəticəsində yolun yatağı və örtüyü deformasiyaya uğrayıb, çalalar və çökmələr əmələ gəlib, çiyin hissələrin eni azalıb. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sadalanan problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Tikinti layihəsinə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılır və kənara daşınır, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılacaq. Bu işlər 310 min kvadratmetr sahəni əhatə edəcək.

Yolboyu çiyinlərin 12 santimetr qalınlığında qum-çınqıl qarışığı ilə tikilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası, bundan başqa, suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından 432 poqonmetr metal boruların, həmçinin müxtəlif diametrli 840 poqonmetr dəmir-beton boruların quraşdırılması və izolyasiyası işlərinin aparılması da nəzərdə tutulub.

Tikinti norma və standartlarına uyğun olaraq torpaq işləri bitəndən sonra yolun 190 min kvadratmetr sahəsinə 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. Bunun ardınca isə hərəkətin normal təşkili üçün 6 ədəd avtobus dayanacağının, 162 ədəd yol nişanının və 523 ədəd siqnal dirəyinin quraşdırılması, 93 kilometr uzunluğunda xətlənmə işlərinin aparılması planlaşdırılır.

31 kilometr uzunluğa malik Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolu 5 yaşayış məntəqəsinin 36 minə yaxın əhalisini Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şərait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.