REGİONLAR
Ucarda Çin texnologiyası ilə əkilən pambıq sahəsindən yüksək məhsuldarlıq gözlənilir
Ucar, 22 avqust, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Ucar rayonundakı Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası ilə əkilən 10 hektar pambıq sahəsində artıq daban qozalar açılıb və mütəxəssislər tarladan yüksək məhsul gözləyirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təcrübə məqsədilə və innovativ texnologiya ilə əkin aparılan sahədə yaxşı çıxış alınıb və hər kolda orta hesabla 22-25 normal qoza var. Ənənəvi üsuldan fərqli olaraq hər hektarda iki dəfə çox - 200-220 min bitki olduğu nəzərə alınsa, mütəxəssislər məhsuldarlığın azı 50 sentner olacağı qənaətindədirlər.
Qeyd edək ki, hazırda sahələrdə pambıq kolu üçün zəruri aqrotexniki tədbir olan ucvurma aparılır. Yaxın günlərdə məhsul yığımına başlanacaq.