REGİONLAR
Ucarda bu il 35 min tondan çox taxıl istehsalı gözlənilir
Ucar, 7 iyun, AZƏRTAC
Ucar taxılçıları biçin kampaniyasına mütəşəkkil hazırlıqla başlayıblar və qısa vaxtda 2500 hektar sahənin məhsulu yığılıb.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 13 min 739 hektar sahədə taxıl yetişdirilib. Bunun 6515 hektarı arpa, qalanı isə buğdadır. Hazırda arpa biçilir və hər gün sahələrə 45-50 kombayn çıxarılır.
Bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. İlk günlərdə hər hektardan orta məhsuldarlıq 25 sentnerdir. Mütəxəssislər məhsuldarlığın artacağı qənaətindədirlər. Ümumiyyətlə, bu il bölgədə 35 min tondan çox taxıl istehsalı gözlənilir.
Rayonun bir sıra ərazilərində, o cümlədən Yuxarı Şilyan, Bərgüşad, Təzə Şilyan, Qazıqumlaq və digər ərazi vahidlərində taxılçılar daha yüksək məhsuldarlıq əldə edirlər.