REGİONLAR
Ucarda doqquz ayın yekunları müzakirə olunub
Ucar, 13 oktyabr, AZƏRTAC
Ucar rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovun məruzəsi dinlənilib, müzakirələr aparılıb.
Məruzə və çıxışlarda Prezident İlham Əliyevin bölgələrin hərtərəfli tərəqqisinə göstərdiyi diqqət və qayğının Ucar rayonunda da dinamik inkişafa səbəb olduğu vurğulanıb. Bildirilib ki, bu ilin doqquz ayında ümumi məhsul buraxılışı 116,2 milyon manat, investisiya qoyuluşu 4,9 milyon manat təşkil edib. Hesabat dövründə 11701 hektar taxıl sahəsindən 29414 ton məhsul götürülüb. Pambıqçılığın və baramaçılığın bərpası hesabına 240 yeni iş yeri yaradılıb. Təkcə baramaçılar yetişdirdikləri məhsul hesabına 12 min manat gəlir əldə ediblər.
Heyvandarlıqda da nəticələr uğurlu olub. Mal-qaranın baş sayı artıb, cins tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Rayonda 300 başlıq maldarlıq və 1000 başlıq qoyunçuluq təsərrüfatları yaradılıb. “Qarant Aqro” MMC Qazıqumlaq kəndi ərazisində gücü saatda 10 ton olan yem istehsalı zavodunun inşasını davam etdirib.
Yığıncaqda, həmçinin rayonda tikinti-quruculuq işlərinin genişləndirildiyi, bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb. Görülən işlər nəticəsində hesabat dövründə 1194 yeni iş yeri yaradılıb ki, bunun da 1118-i daimidir.
Məruzə və çıxışlarda təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatı ilə normal təminatı sahələrində də xeyli işlərin görüldüyü bildirilib, qarşıda duran vəzifələrdən danışılıb.