REGİONLAR
Ucarda ilin sonunadək 100 min ədəd tut tingi əkiləcək
Ucar, 7 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bölgələrdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı istiqamətində ciddi tədbirlər görülür. Baramaçılığın vaxtilə ənənəvi sahə olduğu Ucar rayonunda hazırda möhkəm yem bazasının yaradılması məqsədilə tut tingi əkilir.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Ucarda bu il 100 min ədəd tut tinginin əkini nəzərdə tutulub. Hələlik 38 min ədəd ting əkilib.
Bu günlərdə rayona Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 55 min ədəd ting gətirilib. Tinglər daxili imkanlar hesabına da əldə olunur. Bölgənin bütün ərazilərində, xüsusən daha çox tut tingi əkiləcək Qazıqumlaq, Qaziyan, Yuxarı Şilyan, Müsüslü və bir sıra digər ərazi vahidlərində işlər davam etdirilir.
Qeyd edək ki, respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut bağlarının salınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1,5 milyon ədəd tut tinginin alınması üçün Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi respublikamıza gətirilib və rayonlara paylanılıb.