REGİONLAR
Ucarda konfrans - “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”






Bakı, 30 mart, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisinin deputatı, Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini xanım Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri düzülüb.
Konfransda Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.
Qeyd olunub ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Milli Məclisinin deputatı, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Göyçay İdarəetmə Kollecinin müəllimi, iqtisad elmləri namizədi Nurməmməd Tağıyev, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar Rayonu üzrə Təhsil sektorunun müdiri, fizika, riyaziyyat elmləri namizədi Rahib Bürcəliyev, Rayon Veteranlar Şurasının sədri Niyaz Xəlilov, ziyalı Hakim Nəcəfov mövzu ətrafında çıxış ediblər.