REGİONLAR
Ucarda meliorativ tədbirlər uğurla davam edir, suvarma mütəşəkkil aparılır VİDEO
Ucar, 27 aprel, AZƏRTAC
Ucar rayonunda suvarmanın mütəşəkkil aparılması və əkin sahələrinin daim suvarma suyu ilə təminatı üçün genişmiqyaslı işlər görülür.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Ucar Suvarma Sistemləri İdarəsinin əsas su mənbələri Yuxarı Şirvan kanalı, Türyançay və Göyçay çaylarıdır. İdarənin balansında ümumi uzunluğu 1600 kilometr olan suvarma kanalları var. Onun 40 kilometri magistral, 123 kilometri təsərrüfatlararası və 1437 kilometri təsərrüfatdaxili kanallardır. Bundan başqa, 1254 ədəd hidrotexniki qurğu və 13 ədəd nasos stansiyası vasitəsi ilə də suvarmanın mütəmadi olaraq aparılması təmin edilir. Kanallar üzərində olan hidrotexniki qurğular cari təmir olunub, suvarma suyunun fermerlərə daha itkisiz çatdırılması üçün 1720 min kubmetr lildən təmizlənmə işləri görülüb. Su itkisinin minimuma endirilməsi üçün torpaq məcralı kanallar beton üzlüyə alınıb. Kanalların beton üzlüyə alınması bu il də davam edəcək.
Ucar rayonu ərazisində torpaqların şoranlaşmasının qarşısını almaq üçün 1500 kilometrə yaxın kollektor-drenaj şəbəkəsindən istifadə edilir. Onun 662 kilometri qapalı, 836 kilometri açıq dren şəbəkəsidir. Bu günə qədər Ucar Suvarma Sistemləri İdarəsi tərəfindən Ucar rayonunun Yuxarı Şilyan, Bağırbəyli, Qazqumlaq, Ramal, Lək, Alpout, Qaracallı, Təzə Şilyan, Qarabörk, Bağman, Məlikballı, Əlikənd, Müsüslü, Bərgüşad, Xalac, Küçəkənd kəndlərində 500 min kubmetrə yaxın həcmdə 188 kilometr uzunluğunda kollektor-dren şəbəkələri və kanallar lildən təmizlənib. 2021-ci ildə suvarma arxları və kollektor-drenaj şəbəkələrində 1026 kilometr məsafədə lildən təmizləmə işləri görülüb. Şəbəkənin təmizlənməsi ilə torpaqların münbitləşməsi təmin olunub, əkinəyararlı torpaqların sahəsi genişlənib. Hazırda istər suvarma kanallarında, istərsə də kollektor-drenaj şəbəkələrində texnikaların köməyi ilə lildən təmizləmə işləri davam edir.
Qeyd edək ki, Ucar Suvarma Sistemləri İdarəsi rayon ərazisində olan 28935 hektar suvarılan torpaq sahəsinə xidmət edir. Hər il rayonda pambıq, taxıl, bostan-tərəvəz, yem bitkiləri, qarğıdalı, çəltik və digər kənd təsərrüfatı təyinatlı bitkilər əkilir.