REGİONLAR
Ucarda şəhidin adına tikilən xatirə bulağının açılışı olub
Ucar, 3 may, AZƏRTAC
Bakı-Qazax magistral yolunun Ucarın Alpout kəndindən keçən hissəsində Vətən müharibəsi şəhidi Ayaz Xəlilovun xatirəsinə tikilən bulağın açılışı olub. Bulağın kənarına 1–ci və 2-ci Qarabağ müharibələrində şəhid olan kənd sakinlərinin şəkilləri də vurulub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xatirə bulağının açılışında şəhidin yaxınları, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxışlarda şəhidin qısa, lakin şərəfli həyat yolundan danışılıb. Bildirilib ki, Ayaz Qnyaz oğlu Xəlilov 1998-ci il yanvarın 25-də Ucarın Alpout kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2016-2018-ci illərdə hərbi xidmətdə olub. 2-ci Qarabağ müharibəsi başlayanda Ayaz da könüllü olaraq cəbhəyə gedib, sentyabrın 29-da döyüşlərə qatılıb. Tərtər istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına döyüşüb. Oktyabrın 8-də Murov istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.