REGİONLAR
Ucarın Bərgüşad kəndi qazlaşdırılıb
Bakı, 8 noyabr, AZƏRTAC
Ucar rayonunun Bərgüşad kəndinə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində İB tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Bu məqsədlə, noyabrın 8-də Ucar rayonunun Bərgüşad kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 1247 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 126 min 506 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, paylayıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda rayonun Əlikənd və Ramal kəndlərində tikinti quraşdırma işləri yekunlaşdırılaraq istismara qəbul mərhələsindədir. Tezliklə həmin kəndlərə təbii qazın verilişi təmin ediləcək.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.