REGİONLAR
Ucarlı şəhid Şahı Məmmədlinin doğum günündə xatirəsi anılıb
Ucar, 7 iyun, AZƏRTAC
Ucar rayonunun Bərgüşad kəndindən olan Vətən müharibəsi şəhidi Şahı Məmmədlinin doğum günü uyuduğu kənd qəbiristanlığında qeyd olunub. Yaşasaydı, ömrünün 26-cı baharını görərdi. Özü də erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə olarkən dünyaya gələn, adını Ömər qoyduğu oğlu ilə birlikdə.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım mərasimi kənd sakinlərinin, əsgər yoldaşlarının, rayon ictimaiyyəti nümayəndələrinin, yaxın dostlarının və ailə üzvlərinin iştirakı ilə izdihamla keçirilib. Məzarı üstünə çiçəklər düzülüb, ruhuna dualar oxunub. Çıxışlarda şəhidin qısa və şərəfli həyat yolundan danışılıb. Qeyd olunub ki, Məmmədli Şahı Elman oğlu 1995-ci il iyunun 6-da Ucarın Bərgüşad kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra kollecdə turizm sahəsi üzrə təhsil alıb. Həqiqi hərbi xidməti bitirdikdən sonra bir müddət Rusiyada yaşayıb və orada işləyib. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda geri qayıdıb və minlərlə gənc kimi yağı düşmənlə döyüşlərə atılıb. Tərtər, Suqovuşan, Talış, Ağdərə uğrunda vuruşub. Son döyüşü Ağdərədə olub və orada şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Anım mərasimindəki çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışılıb, Şahı və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.