CƏMİYYƏT
Üç ay davam edən layihə çərçivəsində həssas sosial qruplara aid vətəndaşlara kömək göstərilib
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihəsinin layihənin yekununa həsr edilmiş tədbir keçirilib.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Birliyin sədri və layihənin rəhbəri Tahir Xudiyev üç ay davam edən layihənin icrası zamanı həlli üçün onlara müraciət edən qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin həlli üçün görülmüş işlər barədə danışıb.
Layihənin psixoloqu İbrahim Əsədli həssas sosial qrupların nümayəndələri ilə apardığı söhbətlər, eləcə də cəzaçəkmə müəssisəsindən yenicə azadlığa çıxmış Qarabağ müharibəsi veteranının həyata adaptasiya olunması üçün ona göstərilən psixoloji dəstək barədə məlumat verib.
Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Babazadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tahirə Ağamirzə çıxış edərək İctimai Birliyin layihə çərçivəsində gördüyü vacib və faydalı işlərdən bəhs ediblər.