İQTİSADİYYAT
Üç ayda 2731 vergiödəyicisinə 4 milyon manata yaxın hesablama aparılıb
Bakı, 20 aprel, Ramiz Quliyev, AZƏRTAC
Vergiödəyicilərinin təqdim etdikləri bəyannamələrdən və informasiya bazasından istifadə olunmaqla risk meyarlarının qruplaşdırılması işləri aparılır, keçiriləcək vergi nəzarəti tədbirlərinin əhatə dairəsi müəyyən edilir. 2017-ci ilin ilk rübündə risklərin aradan qaldırılmasını təmin etməyən 2731 vergiödəyicisinə kameral vergi yoxlaması ilə 3 milyon 955,7 min manat hesablama aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru Sərxan Məmmədov bildirib.
Qeyd olunub ki, 26 vergiödəyicisində xronometraj metodu ilə müşahidələr keçirilib, 66 vergiödəyicisində pul vəsaitlərinin və malların uçota alınmaması ilə əlaqədar, 274 vergiödəyicisində isə səyyar vergi yoxlaması ilə bağlı vergi nəzarəti tədbirləri görülüb. Vergi nəzarəti tədbirlərinin minimallaşdırılması üçün xidmət fəaliyyəti üzrə əks-əlaqə prinsipi tətbiq edilməklə məlumatlandırma işləri həyata keçirilib.
Könüllü əməletmə səviyyəsinin yüksəldilməsi üçün vergiödəyiciləri ilə keçirilən tədbirlər nəticəsində cari ilin birinci rübündə dövlət büdcəsinə daxil olmuş 21 milyon 481,3 min manat vəsaitin 9,1 faizi nəzarət tədbirləri üzrə təmin edilib.