İQTİSADİYYAT
Üç ayda “Azərsu”ya müxtəlif məsələlərlə bağlı 26 mindən çox müraciət edilib
Bakı, 3 aprel, AZƏRTAC
“Azərsu” ASC-nin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərini asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin birinci rübündə də həmin mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı müraciətlərin sayı artıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-mart aylarında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu”nun xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26 min 850 müraciət edilib. Daxil olmuş müraciətlərin 13 min 182-si “ASAN xidmət”, 13 min 668-i isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Vətəndaşlar xidmət bölmələrinə daha çox ödənişlər haqqında məlumatların verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı müraciətlər edib.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin mayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 220 minədək müraciət daxil olub.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakının Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil edilib.