REGİONLAR
Üç ayda Şəkidə 543 uşaq dünyaya gəlib
Şəki, 29 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında Şəki rayonunda əhalinin sayı 199 nəfər artaraq 189 min 293 nəfərə çatıb. Onlardan 68 min 393 nəfəri şəhər, 120 min 900 nəfəri isə kənd əhalisidir. Ümumiyyətlə, əhalinin 36,1 faizi şəhər, 63,9 faizi isə kənd yerlərində məskunlaşıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsinin rəisi Qəşəm Kərimov məlumat verib.
İdarə rəisi bildirib ki, bu ilin yanvar-mart aylarında Şəki rayonunda 543 uşaq dünyaya gəlib. Onların 139 nəfəri şəhər, 404 nəfəri isə kənd əhalisinin payına düşür. Üç ayda rayonda 391 ölüm halı qeydə alınıb. Həmin müddətdə rayon Qeydiyyat şöbəsi tərəfindən Şəkidə 161 nikah və 57 boşanma halı rəsmiləşdirilib.