İQTİSADİYYAT
Üç ayda Türkiyə Azərbaycandan 1,7 milyard kubmetrdən çox təbii qaz idxal edib
Bakı, 23 may, Nihad Budaqov, AZƏRTAC
Cari ilin mart ayında Türkiyə Azərbaycandan 591 milyon kubmetr təbii qaz idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Martda Azərbaycan Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr sırasında üçüncü olub. 2017-ci ilin mart ayında isə Türkiyə Azərbaycandan 500,38 milyon kubmetr təbii qaz idxal etmişdi.
Bu ilin yanvarında Türkiyə Azərbaycandan 594,15 milyon kubmetr, fevral ayında 536,61 milyon kubmetr təbii qaz idxal edib. Beləliklə ilin birinci rübündə Azərbaycandan Türkiyəyə 1 milyard 721,7 milyon kubmetr qaz ixrac olunub.
Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. 2006-cı ilin sonlarında istismara verilən bu boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Bu ilin yanvar-mart aylarında CQBK-nın gündəlik orta ötürücülük gücü təqribən 23,1 milyon kubmetr qaz olub. Kəmərin iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator - 28,8 faiz), “AzŞD” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).