İDMAN
Üç güləşçimiz U-23 Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Bakı, 18 may, AZƏRTAC
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 36 ölkədən 425 idmançının iştirak edəcəyi qitə birinciliyinin ikinci günündə - mayın 18-də 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulublar.
Milli komandamızın üzvlərindən Orxan Abasov (86 kq) əvvəlcə İsrail, daha sonra isə Ukrayna güləşçisinə qalib gələrək yarımfinala yüksəlib.
Digər güləşçimiz Osman Nurməhəmmədov (92 kq) da qitə birinciliyinə inamlı qələbə ilə start verib. Yerli idmançını vaxtından əvvəl xalçadan məyus yola salan güləşçimiz Rusiya təmsilçisini də minimal hesabla üstələyib və yarımfinala vəsiqə qazanıb.
Təmsilçimiz Vahid Qalayev (125 kq) isə 1/8 finalda Gürcüstan, 1/4 finalda isə Ermənistan güləşçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də start götürəcək.