REGİONLAR
Üç ildə İmişli “ASAN Həyat” kompleksində 377 mindən çox müraciət qeydə alınıb VİDEO
İmişli, 22 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli “ASAN Həyat” kompleksi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2018-ci il oktyabrın 22-də açılıb. Üç ildir ki, fəaliyyətini uğurlu davam etdirən “ASAN Həyat” kompleksindən İmişli ilə yanaşı, ətraf rayonun sakinləri də yararlana bilir.
AZƏRTAC-ın bölgə müxbiri verir ki, İmişli “ASAN Həyat” kompleksinin ərazisində “ASAN xidmət” Mərkəzi, “ABAD” mərkəzi, Gənc İstedadlar Teatrı, “ASAN peşə”, “ASAN Kafe” və “ASAN park” fəaliyyət göstərir. İmişli regional kompleksinə daxil olan “ASAN xidmət” Mərkəzi 2018-ci il noyabrın 16-da fəaliyyətə başlayıb. Mərkəz İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 377 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir. İmişli “ASAN xidmət” Mərkəzində də digər mərkəzlərdə olduğu kimi, şəhid ailələri və qazilər üçün növbədənkənar xidmət göstərilir.
“ASAN peşə” - ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi üçün yaradılıb. Burada gənclərinin dərzi, informasiya texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur. Kompleksdə 90 tamaşaçı yeri olan Gənc İstedadlar Teatrı fəaliyyət göstərir.
Burada vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe” də fəaliyyət göstərir. Bundan başqa, əməkdaşların asudə vaxtlarını səmərəli keçirməsi üçün oyun avadanlıqları olan guşə də yaradılıb. Xidmət üçün mərkəzə gələn vətəndaşların rahatlığını təmin etmək üçün mərkəz daxilində uşaq guşəsi də fəaliyyət göstərir. Kompleksin həyətində əməkdaşlar üçün nəzərdə tutulmuş paintball meydançası, eyni zamanda, vətəndaşların asudə vaxtlarının xoş keçirmələri üçün sahəsi 1,5 hektar olan “ASAN park” salınıb. Parkın ərazisində fəvvarə, uşaq meydançası, açıq havada konsert meydançası və açıq havada kafe fəaliyyət göstərir. Həmçinin vətəndaşların rahatlığını təmin etmək üçün velosiped və avtomobil dayanacağı da salınıb.
“ASAN xidmət” Mərkəzindən yararlanan sakinlər də razılıqlarını ifadə edirlər. İmişli rayon Bəcirəvan kənd sakini Ələsgər Kərimov deyir ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması ölkə rəhbərliyinin vətəndaşlara göstərilən diqqətinin bariz nümunəsidir. “Biz vətəndaşlar mərkəzlərə üz tutaraq rahatlıqla xidmətlərdən yararlanırıq. Bugünkü müraciətimiz notariusla bağlı oldu. Çox qısa zamanda lazımi qaydada xidmət həyata keçirildi və prosedur qaydalara uyğun olaraq məsələ öz həllini tapdı. Biz sakinlər bu diqqətə görə ölkə rəhbərinə minnətdarıq”, - deyə Ələsgər Kərimov söyləyib.
“ASAN xidmət”in kollektivi arasında Vətən müharibəsində iştirak edən əməkdaşlar da yer alır. Digər mərkəzlərdə olduğu kimi, İmişli “ASAN həyat” kompleksinin işçiləri də qismən səfərbərlik zamanı cəbhəyə üz tutub. Onlardan biri də Talıb Əliyevdir. O deyir ki, “ASAN xidmət”də çalışmaq özü böyük bir uğurdur, bu sahə üzrə peşəkar və istedadı gənclər çalışır: “ASAN xidmət” mərkəzlərində çalışmaq vətəndaşlara xidmət deməkdir. Bu prinsiplər əsasında bizlərdə operativliyi şəffaflığı nəzərə alaraq sakinlərə xidmət göstəririk. Mən və digər əməkdaşlarımız həm də müqəddəs amal uğrunda Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollandıq. Şəxsən mən özüm Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak etdim. Həmçinin digər əməkdaşlarımızda haqq savaşında cəbhənin müxtəlif istiqamətlərində gərgin döyüşlərdə iştirak etdilər. Əməkdaşlarımız arasında şəhidlik zirvəsinə ucalan, qazi olanlar da var. Onların xatirəsi hər zaman ehtiram hissi ilə anılır”.