İQTİSADİYYAT
Üç marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək
Bakı, 21 iyun, Elvin Camalov, AZƏRTAC
Üç marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 11, 38 və 71 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Bakı Nəqliyyat Agentliyinin xüsusi monitorinq qrupu tərəfindən hərtərəfli təhlil edilib. Nəticədə, hər üç marşrut xətti üzrə avtobusların hərəkət sxemində müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib. Nəzərdə tutulan dəyişikliklərin sərnişinlərin rahatlığı baxımından səmərəli olmasını müəyyənləşdirmək məqsədilə 11, 38 və 71 nömrəli marşrut xətti üzrə avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.
M.Ağayev qeyd edib ki, 11 nömrəli marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Neymətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək. Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində gedəcək. 38 nömrəli marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməklə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq.
“Metronun “Azadlıq prospekti” stansiyasından “Baksol yolu” adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə “Koroğlu” metro stansiyasına hərəkət edəcək”, - deyə M.Ağayev vurğulayıb.