CƏMİYYƏT
Üç nəfərə bıçaqla xəsarət yetirən şəxs tutulub
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 1-də saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
Qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.