ELM VƏ TƏHSİL
Üç rayon üzrə müəllim və valideynlərin müraciətlərinə baxılıb
Bakı, 22 aprel, AZƏRTAC
Paytaxtdakı 236 nömrəli tam orta məktəbdə Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, qəbula gələnlər təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, gənclərin çağırışaqədərki hərbi hazırlığı otaqlarının təchizatı və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciətləri qeydiyyata alınıb. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdikləri səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.