REGİONLAR


Üç sərhəd keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi davam edir VİDEO

Bakı, 6 iyul, AZƏRTAC

Dövlətimizin başçısının Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri uğurla davam etdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu səbəbdən yolun yenidən qurulmasında məqsəd Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur”, “Şirvanlı” və “Xanoba” sərhəd-keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır.

Məlumata əsasən, avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə “Azəryolelmitətqiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış layihəyə görə, yolun ümumi uzunluğu 23,5 kilometr, torpaq yatağının eni 21,6 metr, hərəkət hissəsinin eni 15 metr təşkil edir.

Artıq mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması həyata keçirilib, yolboyu müxtəlif ölçülü suötürücü boruların tikintisi tamamlanıb. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində torpaq yatağının və yol əsasının tikintisi işləri həyata keçirilir. Yol əsası hazır olan 16 kilometrlik hissədə yeni asfalt-beton örtüyünün alt layı döşənib, hazırda bu hissədə yol çiyinlərinin hamarlanması işləri aparılır.

Layihə üzrə nəzərdə tutulan Xan Arxı və Samur-Abşeron su kanalı üzərində tikilən körpülərin, Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də yekunlaşıb.

Sözügedən yolda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Tikinti ərazisinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.