DÜNYA
Üç yüz illik çinarın gövdəsində “Çay evi” VİDEO
Bakı, 9 yanvar (AZƏRTAC). Türkiyənin nüfuzlu İhlas Xəbər Agentliyi Ağdaş rayonunun ərazisindəki çoxəsrlik çinar ağacının gövdəsində “Çay evi”nin qurulmasından bəhs edən videosüjet yayımlamışdır.
Videosüjetdə vurğulanır ki, Ağdaş şəhərinin girəcəyindəki 300 illik çinar ağacı 10 metr diametri ilə onu ilk dəfə görənlərin təəccübünə səbəb olur. Çinar ağacını maraqlı edən bir başqa xüsusiyyəti isə gövdəsində “Çay evi”nin qurulmasıdır. Bayırdan baxanda əsrlərə meydan oxumuş bu qədim ağac bir çinar kimi görünür, ancaq o, daxildən “Çay evi”nə çevrilmişdir.
Çinarın elə ilk baxışdan insanların diqqətini cəlb etdiyini söyləyən Ağdaş rayonunun sakini Ədalət Abbasov deyir ki, bu ağac hər kəsin marağına səbəb olur. Çoxları buna qeyri-adi hal kimi baxır. Ağacın gövdəsindəki “Çay evi” yazda sərin, qışda isə mülayim olur. İllərdir buraya gələn turistlər qoca çinarın görüntüsünü kameralarının yaddaşına hopdururlar.
Çayxananın müştərilərindən olan Əhməd Adışov isə deyir ki, bu qoca çinar bir çoxlarının görüş yeri sayılır. İnsanlar asudə vaxtlarında buraya gələrək çinar ağacının gövdəsində dincəlirlər.