REGİONLAR
Üçrəngli bayrağımız hər bir azərbaycanlı üçün Vətənə məhəbbət simvoluna çevrilib
Şəmkir, 9 noyabr, Famil Quliyev, AZƏRTAC
Şəmkirdə Dövlət Bayrağı Günü münasibətilə təntənəli mərasim və konsert proqramı təşkil edilib.
Mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, YAP Şəmkir rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının təmsilçiləri, ümumtəhsil məktəblərinin kollektivləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət bayrağı Şəmkir şəhərindəki Bayraq Meydanından Heydər Əliyev Mərkəzinin önünə gətirilib.
Sonra rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün Vətənə məhəbbət simvoluna çevrildiyini deyib.
Bayram tədbirində Azərbaycan bayrağının tezliklə Dağlıq Qarabağda da dalğalanacağına əminlik ifadə olunub.
Tədbir musiqi kollektivlərinin Vətənə, qəhrəmanlığa həsr olunmuş konsert proqramı ilə yekunlaşıb.