REGİONLAR
Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir
Salyan, 9 noyabr, Mahir Babayev, AZƏRTAC
Salyandakı 2 nömrəli şəhər tam orta məktəbində Dövlət Bayrağı Günü ilə bağlı təntənəli mərasim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirakçıları tarixi gün münasibətilə təbrik edib. Qeyd olunub ki, üçrəngli bayrağımız dövlət rəmzi kimi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da keçirilən iclasında qəbul edilib. Lakin 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu nəticəsində bayrağımız da dəyişdirilib. Yetmiş ildən sonra ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızı muxtar respublikanın dövlət bayrağı elan edib və bununla da ölkədə gedən proseslərə güclü təkan verilib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən dövlət bayrağı elan edilib.
Vurğulanıb ki, ötən əsrin 90-cı illərində müstəqilliyinə yenicə qovuşan Azərbaycan onu itirmək təhlükəsindən Heydər Əliyevin dühası ilə xilas olub və müasir inkişaf yoluna çıxıb. Qısa müddətdə dünyada Azərbaycana etimad yaranıb, beynəlxalq layihələr imzalanıb, dövlətçiliyimizə və müstəqilliyimizə yönələn cəhdlərin qarşısı qətiyyətlə alınıb.
Çıxışlarda respublikamızın bölgələrində, o cümlədən Salyanda həyata keçirilən geniş abadlıq-quruculuq işlərindən də söhbət açılıb.
* * *
Şirvanda Dövlət Bayrağı Günü münasibətilə keçirilən bayram tədbiri məktəblilərin dövlət rəmzlərinə həsr etdikləri rəsm əsrlərindən təşkil olunan sərginin nümayişi ilə başlanıb.
Bayraq Meydanında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov üçrəngli bayrağımızın tarixi haqqında məlumat verib. İkinci dəfə istiqlalına qovuşan Azərbaycanın müstəqillik tarixində Ümummilli Liderin əvəzsiz xidmətlərini diqqətə çatdıran natiq bildirib ki, məhz Ulu Öndərin qətiyyəti ilə ilk dəfə üçrəngli bayrağımız Naxçıvanda dalğalandırılıb.
Tədbirdə Prezident İlham Əliyevin liderliyi ilə qlobal iqtisadi və regional layihələrin müəllifi olan ölkəmizin sürətli inkişafından da bəhs edilib. Belə bir əminlik ifadə olunub ki, ölkəmizin artan iqtisadi və hərbi qüdrəti sayəsində ərazi bütövlüyümüz tezliklə bərpa ediləcək, bayrağımız doğma Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaq.
Sonra tədbir iştirakçıları gənc idmançıların nümunəvi çıxışlarına baxıb, məktəblilərin ifasında bayrağımızı vəsf edən şeir və mahnıları dinləyiblər.
* * *
Hacıqabulda Dövlət Bayrağı Gününə həsr olunan tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Sonra yüzlərlə hacıqabullu rayondakı Bayraq Meydanına yürüş edib. Mərasimdə çıxış edənlər üçrəngli bayrağımızın tarixi haqqında məlumat verib, bayrağımızın hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayıblar. Müstəqillik tariximizə nəzər salan natiqlər bildiriblər ki, Ümummilli Liderin xilaskarlıq missiyası Azərbaycanı müasir inkişaf yoluna çıxarıb. Ulu Öndər regionların inkişafını prioritet hesab edirdi. Bu siyasət bu gün də uğurla aparılır. Prezident İlham Əliyevin strateji hədəf kim qarşıya qoyduğu bu xətt Hacıqabulun simasında da özünü aydın göstərir.
Bayram tədbiri məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.
* * *
Biləsuvarda bu əlamətdar gün şəhərdəki Bayraq Muzeyində qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə, muzeydə sərgilənən, tariximizin müxtəlif dövrlərinə aid olan eksponatlarla, qədim Azərbaycan dövlətinin bayraqları, xəritələr, poçt markaları və mərasim geyimləri ilə tanış olublar. Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Azərbaycan bayrağının şanlı tarixindən danışıb. Qeyd edilib ki, respublikamız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlət rəmzlərindən birinə çevrilib və xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.
Tədbirdə rayonun uşaq incəsənət məktəblərinin şagirdləri tərəfindən hazırlanan kompozisiyalar təqdim olunub.