REGİONLAR


Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir

Xırdalan, 9 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Hər il olduğu kimi, bu il də Abşeron rayonunda Dövlət Bayrağı Gününün təntənəli şəkildə qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlanıb.

Abşeronda Dövlət Bayrağı Gününə həsr olunan bayram yürüşündə 10 minə yaxın insan iştirak edib. Rayonun inzibati mərkəzi sayılan Xırdalan şəhərinin bütün yaşayış binaları bayram münasibətilə üçrəngli bayraqlarla bəzədilib. Xalqımızın qürur mənbəyi və iftixarı, dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.

Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC–a bildiriblər ki, ümumrayon tədbirinə qatılan minlərlə sakin Xırdalanın Heydər Əliyev prospekti, Zərifə Əliyeva və Qalubiyyə küçələrindən keçməklə Ümummilli Liderin adını daşıyan parkdakı Bayraq Meydanına doğru hərəkət ediblər. Yürüş boyu iştirakçılar əllərində Azərbaycan bayraqları tutaraq milli musiqimizin sədaları altında irəliləyiblər.

Bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, Bakı Mühəndislik Universitetinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin rəmzidir. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb.

Kütləviliyi ilə seçilən bayram tədbirində respublikanın tanınmış incəsənət ustaları Vətənimizə, bayrağımıza həsr olunan mahnılar ifa ediblər. Uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin çıxışları, nümayiş olunan ədəbi-bədii kompozisiyalar maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.