REGİONLAR


Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi, qürur və inam yerimizdir

Qax-Şəki, 9 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-da Qax şəhərində keçirilən bayram tədbirində səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qax şəhərinin girişindəki Bayraq Meydanı kompleksində keçirilən bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, başımız üzərində dalğalanan üçrəngli bayrağın hər bir Azərbaycan vətəndaşı üçün ali dəyər, qürur və mərdlik rəmzi olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 2009-cu ilin noyabrında Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi, 2010-cu ilin sentyabrında Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılması bayrağa olan sevgimizin bariz nümunəsidir.

Sonra tədbir iştirakçıları Bayraq Muzeyi ilə tanış olublar. Məlumat verilib ki, Bayraq Meydanı kompleksi 2017-ci il avqustun 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Azərbaycan Respublikasının dövlət bayrağı hündürlüyü 62 metr olan bayraq dirəyində dalğalanır. Muzeydə milli bayrağımızın təbliği ilə bağlı xüsusi eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarına və bayraqla bağlı atributlara geniş yer verilib.

Tədbir konsert proqramı ilə davam edib.

X X X

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən biridir. Dövlət bayrağı hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunmalıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Şəki şəhərində keçirilən bayram tədbirində səsləndirilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə bir neçə gün əvvəl, oktyabrın 29-da istifadəyə verilmiş Bayraq Muzeyinin qarşısında keçirilən bayram tədbirində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov üçrəngli, ay-ulduzlu bayrağımızın millətin azadlıq rəmzi, Vətənin simvolu, hər zaman qürur və inam yeri olduğunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, üçrəngli bayrağımız 1990-cı ilin noyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra digər dövlət rəmzləri kimi, bayrağımız da bərpa edilib.

Bildirilib ki, Prezident İlham Əliyev dövlət atributlarımıza həmişə xüsusi ehtiramla yanaşır. Bölgələrdə, o cümlədən Şəkidə Bayraq Muzeyinin yaradılması bunun bariz nümunəsidir. Belə muzeylər dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.

Diqqətə çatdırılıb ki, buradakı bayraq dirəyinin hündürlüyü 72,4 metrdir. Bayraq Muzeyinin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.

Muzeyin eksponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə aid konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.

Bayram tədbiri Şəki Musiqi Kollecinin tələbə və müəllimlərinin hazırladığı maraqlı konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.