SİYASƏT


Üçtərəfli Bəyanatdan sülh sazişinə doğru aparan yoldan sapmaq Ermənistan üçün təhlükəlidir

Bakı, 29 noyabr, Pərvanə Qarayeva, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasında çıxış edərək deyib: “Azərbaycan Xsaberd (Çaylaqqala – red.) kəndini işğal edərkən Rusiya sülhməramlılarının gözü qabağında 66 erməni əsgərini əsir götürüb”.

Ermənistan hökumətinin başçısı bu sözləri deməklə, birincisi, onun eyhamına görə təpədən dırnağa qədər silahlanmış altmış altı (!) “qorxubilməz erməni şirini” “müdafiə etməmiş” Rusiyanın bostanına daş atıb, ikincisi, Azərbaycanı yenidən, guya həmin gün 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatı pozmuş və əsirlərin dəyişdirilməsi barədə bəndi guya indiyə qədər yerinə yetirməyən tərəf kimi təqdim etməyə çalışıb.

Ermənistanda nə vaxtsa kəmiyyətin keyfiyyətə keçəcəyinə ümid edərək eyni sərsəm sayaqlamaları sonsuz sayda təkrar etməyi xoşlayırlar. Biz bu mənasız marafonda iştirak etməyə hazırlaşmırıq. Ona görə axırıncı dəfə fikrimizi söyləyəcək və nöqtə qoyacağıq.

Beləliklə, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi başa çatdı. Bu müharibə Ermənistan silahlı qüvvələrinin tamamilə darmadağın edilməsi ilə bitdi. Müxtəlif hesablamalara görə şəxsi heyət üzvlərinin sayı 25 mindən 30 minə qədər olan düşmən qruplaşması tam mühasirəyə düşdü. Həmin gün tarix iki yolla gedə bilərdi: ya müharibə davam etməli və erməni tərəfi məhv olmalı, ya da, hərbi faza siyasi prosesə keçməli idi. Prezident İlham Əliyev ikinci yolu seçdi. Lakin o, razılaşmaya da bilərdi, xüsusən ona görə ki, Xankəndi boş idi və Azərbaycan bayrağı inzibati bina üzərində dalğalanmağa hazır idi, bunun üçün öz gününü deyil, saatını gözləyirdi. Lakin Azərbaycan Prezidentinin humanizmi mühasirədə olan ermənilərə ikinci həyat, onların Ermənistandakı qohumlarına isə qara polietilen paketlərə bükülmüş cəsədlər əvəzinə canlı atalar, qardaşlar, ərlər, oğullar verdi.

Təkrar edirik: ONLAR ÖMÜRLƏRİNİN SONUNA QƏDƏR MİNNƏTDAR OLMALIDIRLAR!

Bununla əlaqədar, çox mühüm bir aksiomu başa düşmək lazımdır: həmin gecə Üçtərəfli Bəyanatın imzalanması ilə çoxillik münaqişəyə nöqtə qoyuldu. Münaqişənin başa çatması yolundakı məsələlərin bir hissəsi 44 gün ərzində həll edilmişdi, qalan hissəsinin həlli üçün isə Ermənistana lütfkarlıq (vurğulayırıq, lütfkarlıq!) göstərilərək, həmin məsələləri könüllü surətdə və qan tökülmədən yerinə yetirmək təklif olundu. İmzalanmış sənədə əsasən, Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi nəzərə alınmaqla, münaqişə qiyabi surətdə başa çatmış hesab edilirdi, lakin proses davam edirdi və onun elementləri Bəyanatın 9 bəndində göstərilmişdi. Beləliklə, həmin gecə imzalanmış Üçtərəfli Bəyanata tamdəyərli sülh müqaviləsinə aparan yolda aralıq vəsilə kimi baxmaq lazımdır. Biri iki il bundan əvvəl imzalanmış, digəri hələ imzalanmalı olan iki sənəd arasındakı dövrdə Ermənistana Azərbaycanın qan tökülməsi yolu ilə də nail ola biləcəyi bütün şərtləri yerinə yetirmək şansı verilib. Prosesin hərbi məcradan siyasi məcraya keçirilməsinin bütün mənası ondan ibarət idi ki, Azərbaycan erməni ailələrinə yeni “qara kağızlar” gətirilmədən qarşı tərəfə bütün qalan tələbləri yerinə yetirmək şansı verirdi.

Rəsmi Bakı münaqişənin başa çatdığını deyəndə məhz bunu nəzərdə tutur. Lakin Ermənistanda başa düşməlidirlər ki, 10 noyabr günü toplardan atəşin dayandırıldığı vəziyyətdə status-kvonun dondurulması və regiona daxil olmuş xilaskar sülhməramlıların arxasında dil uzatmaq üçün “yaşıl işıq yandırılması” günü deyil, insanların həyatını qorumaqla Azərbaycanın qalan tələblərini yerinə yetirmək şansıdır. Rus klassikin dediyi məşhur “müharibə siyasətin başqa vasitələrlə davamıdır” frazasını bir qədər dəyişdirərək deyərdik: “Üçtərəfli Bəyanat 44 günlük müharibənin başqa vasitələrlə davamıdır”. Ya da Mao Tszedunun məşhur kəlamını yada salaq: “Siyasət qan tökülməyən müharibə, müharibə isə qan tökülməklə yürüdülən siyasətdir”.

Hərbi faza başa çatandan sonra ilk günlər bizə ümid verdi ki, gedən prosesin mənasını Ermənistanda düzgün başa düşüblər. Həqiqətən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad edildi, mühasirəyə alınmış erməni ordusunun çıxarılması başlandı. Tərəflər hərbi əsirlərin “hamının hamıya” düsturu üzrə dəyişdirilməsini həyata keçirdilər, beləliklə imzalanmış bəyanatın 8-ci bəndi tamamilə yerinə yetirildi və həmişəlik bağlandı. Hətta erməni sakinlərlə Azərbaycan hərbçiləri arasında əlaqələrə dair ilk sübutlar yarandı. İşğal illərində Ağdamın bir kəndində qanunsuz məskunlaşmış erməni sakinlərin Azərbaycan hərbçilərinə yaxınlaşaraq onların öz əşyalarını çıxarmalarına imkan verilməsini xahiş etmələri, azərbaycanlı hərbi qulluqçuların isə hətta bu sakinlərin mebelini və ev müxəlləfatını yük maşınlarına yığmağa kömək etmələri yadımızdadır. Yəni, belə təsəvvür yaranırdı ki, anlaşma var, əlbəttə, bu şərtlə ki, tikililərin yandırılmasına, evlərdən unitazların çıxarılmasına, geniş ərazilərin minalanmasına, meşələrin qırılmasına, hətta arı pətəklərinin qəddarcasına məhv edilməsinə və daşınıb aparılmamış mal-qaranın güllələnməsinə göz yumulsun. Bunlar ermənilərin təbiətinə xas olan cəhətlərdir. Lakin bunu kənara qoysaq, ilk günlər belə təsəvvür yaranırdı ki, hər şey Üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsinə doğru gedir və gələcəkdə sülh sazişi imzalanması yolu ilə düşmənçiliyin başa çatdırılmasının hüququ baxımdan rəsmiləşdirilməsi mümkün olacaq.

Amma nə gördük? Bəyanatın 4-cü bəndinə görə erməni tərəfi paralel olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi zonadan özünün bütün silahlı dəstələrini (struktur tabeliyi konkretləşdirilmədən bütün erməni qüvvələrini) çıxarmalı idi. Lakin sənəd imzalanandan bir həftə sonra Ermənistandan yaxşı silahlanmış bir dəstə qəflətən Qarabağda peyda oldu. Bu təxribat-kəşfiyyat qrupu Azərbaycan hərbçiləri tərəfindən zərərsizləşdirildi. Əlbəttə, bu, belə də olmalı idi. Amma Ermənistanın baş naziri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında Rusiya tərəfini ittiham edərək deyib ki, erməni əsgərlərin saxlanılması Rusiya sülhməramlılarının gözləri qarşısında baş verib. Paşinyandan soruşmayıblar ki, erməni təxribatçıların Azərbaycan ərazisində nə ölümü var idi? Onları Rusiya sülhməramlıları nə üçün qorumalı idi? Düşmənin təxribat-kəşfiyyat qrupunu zərərsizləşdirmək Azərbaycanın legitim hüququdur. Unudulmamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri erməni revanşistlərinin rədd olub Ermənistana getmək əvəzinə onların gözləri qabağında yeni müharibəyə hazırlaşmalarına sakitcə tamaşa etmək niyyətində deyil. Qabaqlayıcı tədbirlər görülüb və Ermənistan tərəfi özü bütün öhdəliklərini tam şəkildə yerinə yetirməyincə belə tədbirlər görüləcək.

Buna görə əsla təəccüblü deyil ki, Ermənistanın baş naziri hamının zəhləsini tökmüş sayıqlamaları ilə qonaqları növbəti dəfə, necə deyərlər, “yükləyəndə” onun bu yalvarışları iclasda iştirak edənlərin heç birində maraq doğurmadı, sanki onlar Paşinyanın sözlərini eşitmirdilər.

Sonda onu deyək ki, Ermənistanın KTMT-nin üzvlərini Azərbaycana qarşı qızışdırmaq üçün bu cəhdi də fiaskoya uğradı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.