İQTİSADİYYAT


Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb

Bakı, 6 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə marağın və tədqiqatçıların, universitetlərin, innovativ ideyalara malik gənclərin fəal iştirakının təmin olunması məqsədilə müsabiqəyə layihələrin qəbulu müddəti oktyabrın 7-dək uzadılıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək məqsədilə hər il keçirilir. Müsabiqənin tərəfdaşları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Ernst & Young Holdings (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycandakı filialı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyidir.

Müsabiqəyə müxtəlif sahələri əhatə edən layihə və innovativ ideyalar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideya.az) platforması (http://ric.az/apply/), habelə [email protected]  elektron poçtu vasitəsi ilə təqdim edilə bilər. Müsabiqə haqqında ətraflı məlumatı http://ric.az  rəsmi internet səhifəsindən əldə etmək olar.

Müsabiqənin qalibləri 1-ci yer üçün 5000 manat, 2-ci yer üçün 3000 manat və 3-cü yer üçün 2000 manat olmaqla mükafatlandırılacaqlar. Müsabiqə qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Fast Track Azərbaycan” proqramına dəvət olunacaq, daha 1 layihə isə Data Mərkəzin “Cloud4Start” mükafatını (3000 manat) – data və cloud servislər paketini əldə edəcəkdir.

Bununla yanaşı, 2 qalib bütün xərcləri qarşılanmaqla 2020-ci il yanvarın 29-31-də Estoniyada keçiriləcək “STARTUP Day” proqramında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.