ELM VƏ TƏHSİL
Üçüncü “Yüksəliş” müsabiqəsində əyani mərhələnin qabiliyyət imtahanı keçirilib






Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi start götürüb. İmtahanlar Bakı şəhərində təşkil olunmuş 7 imtahan mərkəzində keçirilir. Əyani mərhələnin imtahanında müsabiqənin əvvəlki mərhələlərini uğurla keçmiş 1325 nəfər iştirak etmək haqqı qazanıb.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qabiliyyət üzrə imtahanda 1262 namizəd iştirak edib.
Əyani mərhələ ümumilikdə qabiliyyət və idarəetmə bacarıqları üzrə 2 imtahandan ibarətdir. Qabiliyyət imtahanı verbal və rəqəmsal məlumatlarla işləmək bacarıqlarının yoxlanılması və abstrakt düşüncə üzrə olmaqla 3 test üzrə aparılır. İştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında göstərdikləri ümumi xam balın ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrı topladıqları xam balın isə ən azı 50 faizini təkrar etməlidir. Əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanına isə yalnız qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq. Əyani mərhələnin yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq. İdarəetmə bacarıqları üzrə imtahanda iştirakçılara qərarların verilməsi, layihələrin və iş prosesinin idarə olunması, sosial intellekt üzrə situasiya tipli suallar, tənqidi düşüncə üzrə isə sual və tapşırıqlar təqdim olunacaq. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrılıb. İmtahan bitəndən sonra növbəti 5-7 iş günü ərzində iştirakçılara nəticələrlə bağlı müvafiq hesabat göndəriləcək.
Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub. Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.