ELM VƏ TƏHSİL
Üçüncü məntiq olimpiadasının final mərhələsində 1144 məktəbli iştirak edib
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Lütfi Zadə adına məktəblilərarası üçüncü məntiq olimpiadasının final mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, final mərhələsində ümumtəhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsi üzrə 1144 məktəbli iştirak edib.
V-VI sinif şagirdləri arasında keçirilən bilik yarışının ilk turunda olduğu kimi, final mərhələsində də şagirdlərə 25 test sualının cavablandırılması üçün saat yarım vaxt verilib.
Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaqlar.
Qeyd edək ki, BŞTİ və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilib.
Olimpiadanın əsas məqsədi şagirdlərə beynəlxalq və yerli bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş məktəbliləri aşkara çıxarmaq, onların elmə olan maraqlarını artırmaqdır.