İQTİSADİYYAT
Üçüncü rübdə “Bahar” və “Qum-dəniz”də gündəlik hasilat 3,8 min barrel neft ekvivalenti olub
Bakı, 21 noyabr, Nihad Budaqov, AZƏRTAC
Cari ilin üçüncü rübündə Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-dəniz” yataqlarından gündəlik hasilat orta hesabla 672 barrel neft, 18,9 milyon kubfut qaz, yaxud da 3 min 827 barrel neft ekvivalenti təşkil edib.
AZƏRTAC “Greenfields Petroleum Corporation” şirkətinə istinadla xəbər verir ki, hesabat dövründə “Bahar Energy Ltd.” şirkətinin satış həcmləri xam neft üçün gündəlik orta hesabla 573 barrel və təbii qaz üçün 15 milyon 902 min kubfut olmaqla, gündəlik 3 min 223 barrel neft ekvivalenti olub. İlin əvvəlindən isə neft üçün satış həcmləri 651 min barrel, təbii qaz 16 milyon 767 min kubfut, ümumilikdə neft ekvivalenti üçün isə 3 min 446 barrel təşkil edib. Keçən ilin eyni rübü ilə müqayisədə neft üçün satış həcmləri 23 faiz, təbii qaz 8 faiz, ümumilikdə neft ekvivalenti ilə isə 11 faiz azalıb. İlin əvvəlindən isə neft üçün satış həcmləri 19 faiz azalıb, təbii qaz üçün 11 faiz neft ekvivalenti ilə isə 4 faiz artıb.
“Bahar Energy” öz neftinin bir barrelini orta hesabla 48,46 dollara satıb. Bu ilin doqquz aylıq dövründə isə neftin orta qiyməti isə 46,47 dollar/barrel təşkil edib. Ötən ilin analoji dövründə neftin satış qiyməti 40,86 dollar/barrel, 9 ayda isə 36,91 dollar/barrel olub. Cari ilin üçüncü rübündə təbii qazın satış qiyməti 2,69 dollar/min kubfut, ilin əvvəlindən isə orta qiymət 3,12 dollar/min kubfut təşkil edib.
Hesabat dövründə “Bahar Energy” əməliyyat şirkəti “Qum dəniz” yatağında 2 əsaslı və 7 xidməti təmir işini tamamlayıb. “Bahar” qaz yatağında isə 2 əsaslı təmir işləri davam edir və bu işlərin dekabr ayına tamamlanması planlaşdırılır.
Qeyd edək ki, “Bahar Energy Ltd.” “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəmə şirkətidir.