REGİONLAR
Ucqar kəndlərdə məktəb binalarının tikintisi təhsilə yüksək qayğının göstəricisidir
Bərdə, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızda təhsilin inkişafına yüksək diqqətlə yanaşılır. Paytaxt və rayon mərkəzləri ilə yanaşı, ən ucqar yaşayış məntəqələrində də müasir məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmir edilməsi və ya yenidən qurulması təhsilə göstərilən diqqət və qayğının göstəricisidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Bərdə rayon Hacılar kənd ümumi orta məktəbinin direktoru Məlahət Quliyeva deyib. M.Quliyev bildirib ki, Hacılar kənd ümumi orta məktəbi 1961-ci və 1984-cü illərdə inşa edilmiş binalarda fəaliyyət göstərib. Qəza vəziyyətində olan məktəb binasında tədris üçün heç bir şərait yox idi. Ölkənin digər bölgəsində qəzalı vəziyyətdə olan məktəblər kimi Hacılar kənd ümumi orta məktəbi üçün də modul tipli məktəb qurularaq “Bilik günü”ndə istifadəyə verilib. Hər cür şəraiti olan belə bir məktəbin inşa edilməsi müəllim, şagird və valideynlərin böyük sevincinə səbəb olub. 80 şagird yerlik məktəb sinif otaqları, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəbdə su-kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
"Məktəbdə 66 şagirdin təlim-tərbiyəsi ilə 17 müəllim məşğul olur. Şagirdlərimizin təhsilə, oxumağa həvəsləri böyükdür. Məktəb üçün modul tipli binanın qurulması onların təhsilə olan həvəslərini daha da artırıb. Biz müəllimlər də çalışacağıq ki, işimizlə dövlətimizin qayğısına layiqincə cavab verək, şagirdlərin, gənc nəslin xalqımız üçün faydalı vətəndaş kimi yetişməsinə nail olaq”, - deyə direktor bildirib.