ELM VƏ TƏHSİL
“Uğur üçün tədris” layihəsi çərçivəsində ingilis dili müəllimləri üçün təlimlər keçirilir
Bakı, 29 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Uğur üçün tədris” (SPEX) layihəsi həyata keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, “Uğur üçün tədris” layihəsinin məqsədi ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi, müəllimlərin əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin təkmilləşdirilməsi, müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması və beynəlxalq təcrübənin yerli arenada tətbiqi sahəsində müəllimlərin peşəkar inkişafı üçün səmərəli platformanın yaradılmasından ibarətdir.
Layihənin dayanıqlığını təmin etmək məqsədilə 2019-2020-ci tədris ilində ingilis dili biliklərinin qiymətləndirilməsi və dil kurslarının təşkili barədə Təhsil Nazirliyi müvafiq əmr verib.
2019-cu ildə layihəyə Bakı şəhəri üzrə 74 ümumtəhsil məktəbi cəlb olunub. Hazırda layihə üzrə diltəkmilləşdirmə və metodologiya təlimləri keçirilir.
Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması, dil və tədris bacarıqlarının təkmiləşdirilməsi, onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.
“British Council”un peşəkar təlimçiləri tərəfindən aparılan diltəkmilləşdirmə təlimləri beynəlxalq aptist imtahanının nəticələrinə əsasən, Səbail, Suraxanı və Xətai rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində təşkil olunur. Həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulan təlimlərdə 370 ingilis dili müəllimi iştirak edir.
Həmçinin diltəkmilləşdirmə təlimlərini uğurla başa vuran müəllimlər paralel olaraq yanvar ayından etibarən layihənin növbəti mərhələsi olan metodologiya təlimlərinə qatılırlar.
“British Council” təşkilatı tərəfindən aparılan metodologiya təlimləri də beynəlxalq aptist imtahanının nəticələrinə əsasən, Səbail, Suraxanı və Xətai rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində keçirilir.
Metodologiya təlimləri boyunca müəllimlər peşəkar görüşlərdə də iştirak edirlər. Görüşlər zamanı müəllimlərin dərsləri müşahidə olunur və təlimçi-fasilitatorlar tərəfindən müəllimlərə tədris prosesinin təşkili istiqamətində inkişafetdirici rəylər verilir.