SİYASƏT


Uğurlu enerji siyasətinin real nəticələri

Bakı, 15 fevral, AZƏRTAC

Bu gün dünyanın siyasi mənzərəsinə nəzər yetirdikdə müstəqil siyasət həyata keçirən dövlətlərin inkişaf yolunda inamla irəlilədiklərini görürük. Çünki müstəqil siyasət dövlətin həm öz milli mənafeyinin, həm də tərəfdaşlarının maraqlarının reallaşdırılmasına xidmət edir. Burada ortaq maraqlar naminə birgə əməkdaşlıqlar da xüsusi yer tutur. Bu baxımdan, Azərbaycanın yaratdığı müsbət nümunə diqqəti cəlb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov açıqlamasında yer alıb.

Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə töhfələri yüksək qiymətləndirilir

Bu bir həqiqətdir ki, Azərbaycan dünyada böyük etimada malik ölkə və etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin fəal iştirakı ilə regionda çox əhəmiyyətli layihələrin həyata keçirilməsi uğurlu xarici siyasətin real nəticələrindən biridir. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan enerji strategiyasının nəticələri dünya miqyasında yüksək qiymətləndirilir. Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclas zamanı səsləndirilən fikirlər də bu həqiqətlərin üzərinə bir daha işıq saldı. İclasda Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verməsi, ölkəmizin uğurlu siyasəti nəticəsində yeni əməkdaşlıq platformalarının yaranması kimi məsələlər xüsusi olaraq diqqətə çatdırıldı. Ən əsası, hazırda Avropanı Xəzər dənizi ilə bağlayan Cənub Qaz Dəhlizi layihəsinin icrasının tam təmin olunmasında Azərbaycan qətiyyətli mövqeyinin, fəal təşəbbüslərinin xüsusi rol oynadığı vurğulandı.

Cənub Qaz Dəhlizinin yaranmasında Azərbaycanın iqtisadi və siyasi təşəbbüsləri əvəzolunmazdır

Həqiqətən də, Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında Azərbaycanın iqtisadi və siyasi təşəbbüsləri əvəzolunmazdır. Ölkəmiz layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi verib və Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin dörd seqmentində də iştirak edib. Bu gün Azərbaycanın aparıcı mövqeyi sayəsində reallığa çevrilən Cənub Qaz Dəhlizi perspektivli layihələrdəndir. Uzunluğu 3500 kilometr olan, 7 ölkəni birləşdirən layihə təkcə iqtisadi baxımdan sərfəli deyil, o həm də siyasi münasibətlərin inkişafına təkan verən, yeni istiqamətlərdə gələcək əməkdaşlıqlara zəmin yaradan önəmli proyektdir.

Bu layihələr ölkəmizin iqtisadi imkanlarının və maliyyə gücünün artmasına xidmət edir

Bunlarla yanaşı, bir sıra vacib məqamlara da ayrıca diqqət yetirmək lazımdır. Əvvəla, bu layihələr çərçivəsində davam etdirilən genişmiqyaslı əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfədir. İkincisi, enerji layihələri həm də Azərbaycan iqtisadiyyatının inkişafına yeni stimuldur. Belə əməkdaşlıqlar nəticəsində əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına dəstəkdir. Digər tərəfdən, Azərbaycanın iştirakı ilə bu cür layihələrin həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı, əhalinin məşğulluq səviyyəsinin artması, insanların rifahının yaxşılaşması baxımından olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, ölkəmizi qarşıdakı dövrdə yeni inkişaf prosesləri və quruculuq işləri gözləyir. Xüsusilə də, həm respublikamızın regionlarında, həm də ən əsası, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı layihələrin həyata keçirilməsi məhz ölkəmizin iqtisadi imkanları və maliyyə gücü sayəsində mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.