REGİONLAR
Uğurlu karyera könüllülükdən başlayır
Lənkəran, 15 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Gənclər Evində Gənclər Fondunun maliyyə dəstəyi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Gənclər Fondunun 13-cü qrant müsabiqəsi çərçivəsində “Uğurlu karyera könüllülükdən başlayır!” layihəsinin məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Kiçik və Orta Biznesin İnkişafına Dəstək Agentliyinin Lənkəran üzrə nümayəndəliyinin əməkdaşları, rayonun müxtəlif təhsil müəssisələrində təhsil alan 42 nəfər ictimai fəal gənc iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis vəzifəsini icra edən Elbəy Fətəliyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunub.
O, layihənin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq gənclərin könüllülük fəaliyyətinə təşviq edilməsi, regionda gənclərin könüllülük fəaliyyətinə qoşulması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Layihə rəhbəri Nilufər Mahmudzadə Azərbaycan Respublikasının Gənclər Fondu və layihənin əsas məqsədi, qarşıda duran vəzifələr barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra çıxış edən Kiçik və Orta Biznesin İnkişafına Dəstək Agentliyinin Lənkəran üzrə nümayəndəsi Sabir Zeynallı qeyd edib ki, vaxtilə ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələrdə, eləcə də müxtəlif təşkilatlarda könüllü kimi fəaliyyətə başlayan gənclər könüllülüyün onlara verdiyi bilik və təcrübə sahəsində bu gün müxtəlif qurumlarda çalışırlar.
Tədbir interaktiv şəkildə iştirakçıları maraqlandıran suallar ətrafında davam edib.
Qeyd edək ki, layihənin məqsədi könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək, layihədə iştirak edəcək gənclərin özlərinin vasitəsilə könüllülüyün daha geniş miqyasda təbliğatını aparmaq, gəncləri cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdir.
Layihə çərçivəsində növbəti təlim kursları Astara, Lənkəran və Masallı rayonlarında keçiriləcək.