Uğurlu uyğunlaşma tədbirləri nəticəsində iqlim dəyişmələrinin fəsadlarından faydalanmaq olar
AzerTAg.az

Bakı, 2 dekabr, AZƏRTAC
Təəssüf ki, iqlim dəyişmələri hava şəraitinə təsir göstərir. Biz bunu Azərbaycanda artan təhlükəli hadisələrin sayında görürük. İqlim dəyişmələrinə uyğunlaşmaq və bəzi hallarda uğurlu adaptasiya tədbirləri nəticəsində onun fəsadlarından faydalanmaq olar.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
U.Tağıyeva bildirib ki, Azərbaycanda orta sutkalıq temperaturun 10 dərəcədən yuxarı olduğu dövrün davamiyyəti 20 günədək artıb: “Regiondan asılı olaraq həmin göstərici 170-245 gün təşkil edir. Artım daha çox respublikanın dağlıq ərazilərində müşahidə olunur. Bu da isti qurşaqların sərhədinin təxminən 150-250 metrədək yüksəlməsinə səbəb olub. Bir yandan iqlim istiləşir. Digər yandan kənd təsərrüfatı üçün yararlı olan isti və mülayim qurşaqların sahələrinin genişlənməsi nəticəsində soyuq qurşağın sahəsinin azalması qeydə alınır. Bu da bizə imkan yarada bilər ki, istisevər bitkilərin əkin sahələrini artıraq. Odur ki, istənilən uğurlu uyğunlaşma tədbirləri hətta mənfi təsirlərdən belə faydalanmaq imkanı yarada bilər”.
Xəbərin mətnində orfoqrafik səhv var