İQTİSADİYYAT
Ukrayna Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Bakı, 2 iyul, AZƏRTAC
Ukrayna Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, energetika sahəsində əməkdaşlıq məsələləri Energetika Nazirliyində SOCAR-ın nümayəndələrinin də iştirak etdiyi Ukrayna Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə müzakirə olunub. Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın XI iclası çərçivəsində keçirilən görüşdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsi qənaətbəxş qiymətləndirilib, energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə diqqət yönəlib.
Energetika naziri Natiq Əliyev Ukrayna ilə Azərbaycan arasında səmimi dostluq münasibətlərinin inkişaf etdiyini və iqtisadi əməkdaşlığın bu inkişafa böyük töhfə verdiyini vurğulayıb. Deyib ki, Hökumətlərarası Komissiya çərçivəsində imzalanan saziş və irəli sürülən təkliflər enerji sahəsində əməkdaşlığın inkişafında yeni mərhələnin başlanmasına təkan verəcək. Nazir bildirib ki, Azərbaycan enerji ehtiyatlarının istehsalçısı, Ukrayna isə istehlakçı və tranzit ölkə kimi vacib rol oynayır. Enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin Xəzər-Qara dəniz regionunda mövqeyini gücləndirəcək.
Ukraynanın neftə tələbatının yüksək olduğunu xatırladan N.Əliyev Azərbaycanın bu ölkəni əlavə xam neftlə təchiz etməsinin qarşılıqlı fayda doğuracağını diqqətə çatdırıb. O, “SOCAR Energy Ukraine” şirkətinin timsalında enerji əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirərək, növbəti 10 illik proqramların hazırlanmasının zəruriliyini diqqətə çatdırıb. Energetika naziri Azərbaycan neftinin Ukrayna neft emalı müəssisələrinə tədarükü və Avropa ölkələrinə tranziti ilə bağlı rəsmi Kiyevin maraqlarının hər iki ölkə üçün faydalı olduğunu qeyd edib. Bildirib ki, artıq real addımlar üzərində çalışmaq lazımdır.
Gennadi Zubko isə deyib ki, Ukrayna ərazisindən keçməklə Azərbaycan neftinin Avropaya nəqli, qaz mənbələrinin şaxələndirilməsi, qaz terminalının tikilməsi kimi məsələlər onun ölkəsi üçün enerji əməkdaşlığında prioritet istiqamətlərdir. Layihələrin həyata keçirilməsi üçün lazımi imkanların mövcud olduğunu deyən G.Zubko Ukrayna ilə Azərbaycanın enerji sahəsindəki gələcək əməkdaşlığının hər iki ölkənin iqtisadi inkişafı üçün əhəmiyyətli olacağına inamını ifadə edib.
Müzakirələrin yekununda energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun fəaliyyətinin aktivləşdirilməsi və irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə ikitərəfli görüş və müzakirələrin keçirilməsi qərara alınıb. Görüşdə qarşılıqlı maraq doğuran bu və ya digər məsələlər də müzakirə olunub.