SİYASƏT
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun Jitomir vilayətindəki nümayəndəliyinin kollektivi yetim və valideyn qayğısından məhrum olan uşaqlara baş çəkmişdir
Kiyev, 27 iyun (AZƏRTAC). “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna ictimai təşkilatının Jitomir vilayətindəki nümayəndəliyinin kollektivi yetim və valideyn qayğısından məhrum olan uşaqlar üçün ümumi tipli uşaq evinə baş çəkmişdir.
Təşkilatın regional nümayəndəliyinin sədri Rac Qasımov artıq bir neçə ildir ki, bu uşaq evinə xeyriyyəçi kimi yardım göstərir, uşaq müəssisəsinin rəhbərliyinin üzləşdiyi problemlərə və çətinliklərə operativ münasibət bildirir və imkan daxilində onların həllinə kömək edir.
125 uşaq üçün nəzərdə tutulan bu müəssisədə yeni doğulandan dörd yaşa qədər uşaqlar tərbiyə alır.
Müəssisə ali kateqoriyalıdır. Burada öz işinin peşəkarları olan həkimlər, məktəbəqədər tərbiyə müəssisələrinin pedaqoqları, psixoloqlar, loqopedlər, orta tibbi heyət, defektoloq, Prinstondakı Montessori müəllim hazırlığı mərkəzinin əməkdaşları, musiqi rəhbəri, bədii özfəaliyyət üzrə pedaqoq, tərbiyəçilər, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçılar və masajçılar işləyir. Onlar körpələrə böyük qayğı və diqqət göstərirlər.
Müəssisənin rəhbəri Ukraynanın Əməkdar Həkimi Svetlana Ursulenkodur.
Uşaqlrın taleyinə biganə olmayan insanların və təşkilatların köməyi sayəsində uşaq evinin ərazisində bütün otaqlar təmir edilmiş, kilsə tikilmiş, kommunal avadanlıqlar yaxşılaşdırılmışdır. Uşaq evində zəruri mebel, oyuncaqlar və uşaq əşyaları vardır.
Həmvətənlərimiz uşaq evinə gedərkən bu müəssisəyə zəruri məişət və təsərrüfat malları hədiyyə etmişlər.
Uşaq müəssisəsinin kollektivi də öz növbəsində, korpələrə göstərilən bu diqqət və xeyirxahlığa görə Rac Qasımova və onun komandasına təşəkkürünü bildirmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev