SİYASƏT


Ukrayna KİV-ləri Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb

Kiyev, 13 fevral, AZƏRTAC

Ukraynanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı silsilə informasiyalar, məqalələr dərc edilib, telekanallarda xüsusi reportajlar yayımlanıb.

AZƏRTAC xəbər verir ki, UKRİNFORM, UNİAN, “İnterfaks-Ukrayna” informasiya agentliklərində, Strana.ua, RBK-Ukrayna saytlarında , “Qolos-Ukrayna” qəzetində, “Butik-Media” nəşrində yayılan məlumatlarda Milli Məclisə seçkilərlə bağlı statistik rəqəmlər yer alıb. Məlumatlarda, həmçinin Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edən amillərə, həyata keçirilən islahatlara da toxunulur. Seçkilərin nəticələri olaraq hakim Yeni Azərbaycan Partiyasının qalib gəldiyi vurğulanır.

Bundan başqa, Azərbaycanda keçirilən parlament seçkiləri Ukraynanın məşhur 1+1, “Ukrayna” kanalları tərəfindən geniş işıqlandırılıb. Bir neçə dəfə yayımlanan xüsusi reportajlarda tamaşaçılara seçicilərin, namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin sayı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda keçirilən parlament seçkilərinə beynəlxalq təşkilatlar, həmçinin müxtəlif ölkələrin kütləvi informasiya vasitələri böyük maraq göstəriblər.

Ukrayna telekanalları, həmçinin Cocuq Mərcanlı kəndindən də xüsusi reportajlar yayımlayıb. Reportajlarda xüsusi çəkiliş qrupu Cocuq Mərcanlı kəndində məskunlaşan azərbaycanlı ailələrə yaradılan şəraiti qeyd edib. Bildirilib ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra Lələtəpə yüksəkliyi işğalçı Ermənistan hərbçilərindən geri alındıqdan sonra qısa zamanda Cocuq Mərcanlı kəndində müasir tipli qəsəbə salınıb. Qəsəbədə məktəb, məscid, poliklinika inşa olunub. Həmçinin reportajlarda Cocuq Mərcanlı kəndində parlament seçkiləri ilə bağlı yaradılan şərait, səsvermə prosesi də yer alıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.