DÜNYA
Ukrayna Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğramasının mümkün səbəbini açıqlayıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Xarkov yaxınlığında “An-26” təyyarəsinin qəzaya uğramasına çox güman ki, texniki nasazlıq səbəb olub.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə naziri Andrey Taran məlumat verib.
“Hansısa texniki nasazlıq yaranıb. Onun nədən ibarət olduğunu müəyyən edəcəyik. İlkin nəticəyə qara qutular deşifrə edildikdən sonra gəlmək olacaq”, - deyə nazir bildirib.
Nazirlik, həmçinin bu gün səhər saatlarında təyyarənin qara qutularının tapıldığı barədə məlumat yayıb.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus “An-26” hərbi nəqliyyat təyyarəsi dünən axşam təlim uçuşu zamanı Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza anında təyyarənin göyərtəsində 27 nəfər - 7 ekipaj üzvü və Xarkov Milli Hava Qüvvələri Universitetinin 20 kursantı olub. Baş prokurorluğun məlumatına görə, insident nəticəsində 25 nəfər həlak olub, ağır yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib.
Xilasedicilər qəza yerində axtarış işlərini dayandırıb. Hadisə ilə əlaqədar “qəzaya və ağır nəticələrə səbəb olan uçuş qaydalarının pozulması” maddəsi üzrə cinayət işi başlayıb.
Ukrayna Prezidenti Vladimir Zelenskinin bu gün Xarkova gələcəyi gözlənilir. Onun sərəncamına əsasən, qəzanın səbəblərini təhqiq etmək üçün dövlət komissiyası yaradılıb.