Ukrayna Prezidenti videomüraciətində Avstriya xalqına təşəkkür edib
AzerTAg.az

Vyana, 30 mart, AZƏRTAC
Ukraynada hərbi əməliyyatlar başlayandan bəri mütəmadi olaraq müxtəlif ölkələrin parlamentlərində və beynəlxalq qurumlarda Ukrayna dövlət rəhbərliyinin videomüraciət etdiyi ölkələr siyahısına Avstriya da qoşulub.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 30-da Avstriya Parlamentində videomüraciətlə çıxış edib.
V.Zelenski çıxışında Ukrayna xalqına göstərilən dəstəyə görə Avstriya xalqına təşəkkür edib, müharibənin 400-cü günündə humanitar dəyərləri yüksək tutmağa çağırıb. O bildirib ki, Ukrayna üçün məsələ geosiyasət və ya hərbi-siyasi mövzular deyil, hər bir şəxs öz insanlığını və əxlaqi dəyərlərini qorumalıdır və bu, mübarizədə mühüm əhəmiyyət daşıyır.
Qeyd edilib ki, Ukraynada 174 min kvadratkilometr ərazisi (Avstriyanın ərazinin təxminən iki misli) hazırda minalanıb və ya partlamamış hərbi sursatlarla təhlükəli zonaya çevrilib. Müharibədən sonra ölkənin dirçəldilməsi ilə yanaşı, ərazilərin mina və hərbi sursatlardan təmizlənməsi problemi də həllini tapmalıdır.
Müraciətdə ötən bir il ərzində 90 min ukraynalının Avstriyaya pənah apardığı və hazırda 54 min şəxsin Avstriya dövləti tərəfindən müvafiq müavinət aldığı qeyd edilib.
Ukrayna dövlət başçısının çıxışı Avstriya Parlamentində sürəkli alqışlarla qarşılanıb. Parlamentdə təmsil olunan sağçı-radikal Avstriya Azadlıq Partiyası (FPÖ) yeganə siyasi qüvvə kimi videomüraciətə etiraz edib və fraksiyanın üzvləri videomüraciət zamanı mütəşəkkil qaydada zalı tərk ediblər. Partiya funksionerləri bu addımı Avstriyanın neytrallığına olan təhdidlərə etiraz kimi təqdim ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Xəbərin mətnində orfoqrafik səhv var