MƏDƏNİYYƏT


Ukrayna Prezidentinin xanımı Azərbaycanın milli mətbəxi və mədəniyyəti ilə tanış olub

Kiyev, 29 oktyabr, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə “Outlook World Culture Festival” adlı beşinci dünya xalqlarının mədəniyyət festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, 30-dan çox ölkənin iştirak etdiyi beynəlxalq festivalda Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə xalqımızın mədəniyyəti, milli mətbəxi də təqdim olunub. Festivalda Azərbaycanın diplomatik korpusu, diasporu, soydaşlarımız iştirak ediblər.

Tədbirin rəsmi açılışında iştirak edən Ukrayna Prezidentinin xanımı, Ukrayna Mədəniyyət Fondunun rəhbəri Marina Poroşenko festivalda iştirak edən ölkələrin stendləri ilə tanış olub. M.Poroşenkonun baxdığı Azərbaycanın stendində milli mətbəx nümunələrindən plov, dolma, paxlava, şəkərbura, ölkəmizin simvoluna çevrilən nar, şərablar, “Şuşa”, “Azərbaycan” brendi ilə təqdim edilən konyaklar nümayiş olunub. M.Poroşenko Azərbaycan stendini yüksək qiymətləndirib.

Daha sonra festivalda iştirak edən ölkələrin səfir və diplomatik nümayəndələrinin iştirakı ilə festivalın rəsmi açılış mərasimi olub. Festivalda Qərb və Şərq ölkələri arasında mədəniyyət dialoqunun şahidi olduğunu vurğulayan M.Poroşenko qeyd edib ki, bu əməkdaşlıq yeni era üçün daha böyük əhəmiyyət daşıyır.

Tədbirdə Kiyev sakinləri, qonaqları, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxindən nümunələr, o cümlədən paxlava, şəkərbura, plov, dolma paylanılıb. Ukraynanın bəzi telekanalları Azərbaycan stendi haqqında reportaj yayımlayıb.

Qeyd edək ki, bu festival ənənəvi olaraq hər il keçirilir. Tədbirin məqsədi dünya mədəniyyətini, tarixini təbliğ etməkdir. Bu, sayca beşinci festivaldır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.