DÜNYA
Ukrayna Təhlükəsizlik Xidməti 13 əcnəbi jurnalistin bu ölkəyə gəlməsini qadağan edib
Kiyev, 13 may, AZƏRTAC
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) 13 əcnəbi jurnalistin bu ölkəyə gəlməsini qadağan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Telegram-kanalında açıqlanmış məlumatda deyilir: “Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan bəri Ukrayna Təhlükəsizlik Xidməti Kremldəki təbliğatçılar üçün “sifarişli” materiallar hazırlayan və cəbhələrdən yanlış informasiya yayan xarici KİV-in 13 nümayəndəsini ifşa edib. UTX-nın materialları əsasında həmin jurnalistlərin 3 il müddətində Ukraynaya gəlməsi qadağan edilib”.
UTX daha sonra bildirir ki, son xüsusi əməliyyatlara dair məlumatlarda Rusiya Federasiyası xüsusi xidmətlərinin Krımdan rəhbərlik edilən şaxələndirilmiş agentura şəbəkəsi ifşa edilib. Məlumatda deyilir: “Həmin şəbəkəyə psevdojurnalistlər və öz işinə görə Rusiyalı kuratorlardan muzd alan qondarma “ekspertlər” daxil idi”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri