DÜNYA


Ukrayna Təhlükəsizlik Xidməti: Çerniqov vilayətində hərbi bazadakı partlayış diversiya ola bilər

Kiyev, 9 oktyabr, AZƏRTAC

Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi bazanın silah-sursat anbarında baş verən partlayış diversiya ola bilər. AZƏRTAC Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təhlükəsizlik orqanının əməkdaşları bu versiya üzərində işləyir.

Məlumata görə, artıq Xidmətin operativ qrupu hadisə yerində araşdırmalara başlayıb. Faktla bağlı cinayət işi açılıb.

Partlayışdan sonra Ukraynanın Baş naziri Qroysman hadisə yerinə gəlib. Onun rəhbərliyi ilə qərargah yaradılıb. Ukrayna Prezidenti Petro Poroşenko isə güc strukturlarının rəhbərlərinin iştirakı ilə müşavirə çağırıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi anbarda baş verən partlayışla bağlı ərazinin yaxınlığında 10 min nəfər evakuasiya olunub. Partlayış baş verən 6-cı Arsenal təxminən 682 hektar ərazidə yerləşir, onun 402 hektarı texniki ərazi hesab edilir.

Hadisə yerinə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin, Milli Qvardiyanın, Milli Polisin 600-dən çox canlı qüvvəsi və 100 texnikası cəlb edilib.

Çerniqov vilayəti təcili yardım stansiyasının yaydığı məlumata görə, partlayışdan sonra tüstüdən özünü pis hiss edən 63 nəfər xəstəxanalara müraciət edib. Partlayış zamanı ölüm faktı hələ ki, təsdiqlənmir.

Hadisənin baş verdiyi yerdən 22 kilometrlik məsafədə olan ərazidə avtomobillərin, qatarların hərəkətinə qadağa qoyulub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.