DÜNYA


Ukrayna ilə Macarıstan arasında diplomatik qalmaqal baş verib

Budapeşt, 12 oktyabr, AZƏRTAC

Ukraynanın Macarıstandakı səfiri Lyubov Nepop “Mirotvorets” saytında macar vətəndaşı olan Zakarpatye məmurlarının siyahısını dərc olunması ilə bağlı Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

AZƏRTAC xəbər verir ki, bu qalmaqalla bağlı Macarıstan hökumətinin saytında yerləşdirilmiş məlumatda deyilir: “Xarici İşlər Nazirliyi Ukraynanın Macarıstan əleyhinə siyasətinin yeni mərhələyə keçməsi ilə bağlı bu ölkənin Budapeştdəki səfirini nazirliyə çağırıb”.

Macarıstan XİN-in dövlət katibi Levente Madyar əlavə edib ki, eyni zamanda, Ukrayna səfirinin çağırılması Ali Radanın saytında ikili – macar və Ukrayna vətəndaşlığı olan insanların ölkədən deportasiya edilməsi tələbini ehtiva edən petisiyanın yer alması ilə əlaqədardır. Dövlət katibi qeyd edib ki, Ukraynada Zakarpatye macarlarına qarşı hücumlar başlayıb. Belə ki, “Ukraynanın düşmənləri” barədə yazılar yerləşdirən “Mirotvorets” saytında Macarıstan vətəndaşı olan məmurların adları sadalanır.

Bundan başqa, Budapeşt Kiyev tərəfindən Zakarpatye vilayətində hərbi bazanın yaradılmasından ehtiyatlanır. Madyarın fikrincə, bu addım regionun bütün sakinləri üçün təhdiddir. “Qəribədir ki, bütün bunlar Ukraynanın şərqində döyüş əməliyyatları gedən vaxtda baş verir”, - deyə XİN-in dövlət katibi vurğulayıb.

Ukrayna, öz növbəsində, ölkə rəhbərliyinin “Mirotvorets” saytına və Ali Radanın saytındakı petisiyaya heç bir aidiyyəti olmadığı barədə izahat verib. Səfir Nepop əlavə edib ki, Zakartpatyedə hərbi bazanın yerləşdirilməsi region sakinlərinin maraqlarına cavab verir.

“Mirotvorets” saytında Macarıstan pasportu olan 313 ukraynalı məmurun siyahısı yer alıb. Bu siyahıda vilayətin paytaxtı Ujqorod olmaqla, bütün rayonların nümayəndələrinin adları sadalanır. Saytın məlumatında Macarıstanın xarici işlər naziri Peter Siyartoya qarşı Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı ittihamlar da yer alıb.

Xatırladaq ki, Ukrayna-Macarıstan münasibətlərində böhran Macarıstan konsulu tərəfindən Zakarpatye vilayətinin Bereqovo şəhərində ukraynalılara guya macar pasportu paylanması xəbəri ilə başlayıb. Pasport alan ukraynalıların Macarıstan bayrağı önündə and içdikləri və bu faktın Ukrayna dövlət orqanlarından gizli saxlanmasını xahiş etdikləri də bildirilirdi. Sonradan macar diplomatların sakinlərə pasport deyil, başqa sənəd payladığı məlum olub.

Qarşılıqlı ittihamlardan sonra Ukrayna XİN macar konsulu ölkədən çıxarıb, Budapeşt isə cavab tədbirlərinə əl atıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.