İQTİSADİYYAT
Ukrayna nümayəndə heyəti “Asan İmza” texnologiyası ilə tanış olub
Bakı, 14 noyabr, AZƏRTAC
Ukraynanın Elektron Hökumət Agentliyinin, Ədliyyə Nazirliyinin və “Kiyvstar” mobil rabitə operatorunun nümayəndələrindən ibarət heyət Bakıda səfərdə olub.
“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Azərbaycanın elektron xidmətlər və əhaliyə göstərilən xidmətlərdə tətbiq edilən qabaqcıl texnologiyalar sahəsində təcrübəsi ilə tanışlıq idi.
Səfər çərçivəsində Ukrayna nümayəndə heyətinin Vergilər Nazirliyində, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, “Azercell Telekom” və “B.EST Solutions” şirkətlərində keçirdiyi görüşlər zamanı əsas diqqət “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidməti ilə bağlı olan mövzulara yönəlib. Xüsusilə Azərbaycanın mobil identitet ekosisteminin arxitekturası, dövlət və özəl sektorlarının əməkdaşlığı əsasında fəaliyyət göstərən sistemin komponentlərinin qarşılıqlı əlaqəsi, mobil elektron imza vasitəsilə mümkün olan innovativ elektron xidmətlər və digər mövzular müzakirə predmeti olub.
Ukrayna nümayəndə heyətinin ölkəmizə səfəri iki ölkə arasında rəqəmsal identitet və etimad xidmətlər sahəsində mövcud əməkdaşlığın davamıdır.
Qeyd edək ki, “B.EST Solutions” şirkətinin və Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin texniki dəstəyi ilə bu yaxınlarda Ukraynada “Asan İmza” texnologiyasının analoqu olan xidmət pilot rejimində işə salınıb. Bu əməkdaşlığın nəticəsi olaraq, hazırda Ukraynada Azərbaycanın “Asan İmza” mobil rəqəmsal imza texnologiyası əsasında bu ölkənin milli mobil imza sertifikatının verilməsi mümkündür.