SİYASƏT


Ukrayna parlamenti Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi

Kiyev, 12 fevral, AZƏRTAC

Ukrayna dövləti, xüsusilə bu ölkənin parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının sədrinin birinci müavini Ruslan Stefançukla görüşündə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova söyləyib.

Göstərdikləri ədalətli dəstəyə görə Ukrayna parlamentinin rəhbərliyinə təşəkkürünü bildirən Elmira Axundova qeyd edib ki, Ruslan Stefançuk müharibənin ilk günündə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Azərbaycanın haqlı işini müdafiə edən bəyanat verib. Bu bəyanat Azərbaycanda rəğbətlə qarşılanıb.

“Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, qrupun üzvləri, həmçinin AŞPA-nın ukraynalı vitse-prezidenti Aleksandr Merejko 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldular, ölkəmizin haqq, ədalət mübarizəsini müdafiə etdilər”, - deyə səfir bildirib.

Səfir, həmçinin qeyd edib ki, artıq bir neçə ölkə Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması işində iştirak niyyətlərini açıqlayıb.

“Ümid edirik ki, Ukrayna dövləti də bu işdə yaxından iştirak edəcək”, - deyə səfir vurğulayıb.

Azərbaycanın Ukraynanın strateji tərəfdaşı olduğunu xatırladan Ruslan Stefançuk öz növbəsində bildirib ki, iki ölkənin parlamentləri arasında da sıx, səmimi və dostluq münasibətləri mövcuddur. Bu münasibətlər getdikcə daha da inkişaf etdirilməlidir. Bu il ərzində qarşılıqlı səfərlərin həyata keçirilməsi olduqca önəmlidir. Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radada qanunvericilik məsələləri üzrə xüsusi nümayəndəsi olduğunu xatırladan Ruslan Stefançuk görüşdə səsləndirilən təklifləri Prezident Ofisinə təqdim edəcəyini söyləyib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.